Azerconnect Group

Xəbərlər

Azerconnect Group-un baş direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Azerconnect Group-un baş direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Azerconnect Group-un baş direktoru Emil Məsimov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) baş katibi Deemah AlYahya ilə görüş keçirib.


Görüş zamanı Azerconnect Group-un İKT sahəsində təqdim etdiyi xidmətlər, həyata keçirdiyi layihələr, rəqəmsal iqtisadiyyatın inkişafında özəl sektorun rolu, həmçinin tərəflər arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Görüşdə, həmçinin qlobal texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin, yeni texnologiyaların tətbiqinin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.


Yüksək texnologiyalar sahəsində özəl sektorun ən böyük təmsilçisi olan Azerconnect Group 9 şirkəti özündə birləşdirməklə mobil, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech, Media/TV sahələrində 6 milyona yaxın müştəriyə rəqəmsal xidmətlər təqdim edir. 4000-dən çox mütəxəssisin çalışdığı Azerconnect Group Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən biridir.


Azerconnect Group müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

TƏBİB və Azerconnect Group arasında əməkdaşlıq müqaviləsi imzalanıb
TƏBİB və Azerconnect Group arasında əməkdaşlıq müqaviləsi imzalanıb

TƏBİB və Azerconnect Group arasında vətəndaşlara göstərilən tibbi xidmətlərin operativliyinin artırılması və müasir texnoloji həllərin tətbiqi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

İmzalanmış müqaviləyə əsasən "103" Çağrı Mərkəzinin texnoloji imkanlarının genişləndirilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt əsaslı təkmilləşdirilmiş naviqasiya həllərinin tətbiqi baş tutacaq. Həmçinin tərəfdaşlıq çərçivəsində vətəndaş çağırışlarının yerinin məkan üzrə daha dəqiq müəyyən edilməsi, təcili tibbi yardım briqadalarının hərəkətinin optimallaşdırılması və hadisə yerinə çatma müddətinin daha effektiv idarə olunmasına imkan yaradan texnoloji həllərin icrası planlaşdırılır. 

 

TƏBİB-in İcraçı direktoru Anar Bayramov qeyd edib ki, sözügedən müqavilə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və nəticədə vətəndaş məmnuniyyətinin yüksəldilməsinə yönəlib: "Məqsədimiz təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin müasir tələb və çağırışlara uyğun inkişafını təmin etməklə vətəndaşlara daha operativ tibbi yardım göstərməkdir. Bu istiqamətdə həyata keçirilən rəqəmsal transformasiya tədbirləri resurslardan səmərəli istifadəyə, təcili tibbi yardım komandalarının koordinasiyasının daha da təkmilləşdirilməsinə və hadisə yerinə çatma müddətinin azaldılmasına xidmət edəcək. “Azerconnect Group” ilə əməkdaşlıq da məhz bu strateji inkişaf xəttinin mühüm tərkib hissəsidir”.

 

“Azerconnect Group”un baş direktoru Emil Məsimov isə əməkdaşlıq çərçivəsində tətbiqi nəzərdə tutulan yeni nəsil texnoloji həllərin tibbi xidmətlərin daha çevik və vətəndaşyönümlü təşkilinə mühüm töhfə verəcəyini bildirib: “Qrup şirkətlərimizdə geniş əhali kütləsinə telekommunikasiya, internet və digər rəqəmsal xidmətlərin təqdim edilməsi üzrə uzun illərdən bəri ciddi təcrübə formalaşmışdır. İnanıram ki, yüksəkkeyfiyyətli xidmətlərin təqdim olunması və ən yeni texnoloji həllər tətbiqində qazandığımız bu zəngin təcrübə TƏBİB ilə əməkdaşlığımıza xüsusi dəyər qatacaq”.

 

Qeyd edək ki, tərəflər "103"ə daxil olan səsli zənglərin avtomatik təhlili, istifadəçi davranışlarına uyğun xidmət və məlumatların təqdim olunması, eləcə də digər innovativ həllərin tətbiqi istiqamətində də əməkdaşlıq edəcəklər. 
 

Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək

Azerconnect Group və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


Memorandumu Azerconnect Group-un baş direktoru Emil Məsimov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud imzalayıb.


Tərəfdaşlıq çərçivəsində Azerconnect Group təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllərlə qoruğun rəqəmsal transformasiyasına dəstək göstərəcək. Tərəflər süni intellekt əsaslı həllərin tətbiqi ilə ziyarətçi davranışlarının təhlili, fərdiləşdirilmiş xidmətlərin təqdim olunması, interaktiv rəqəmsal xəritələrin və audio bələdçinin yaradılması, smart turizm ekosisteminin qurulması kimi sahələrdə əməkdaşlıq edəcəklər. Bununla yanaşı, tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin formalaşdırılması istiqamətində layihələr icra olunacaq.


Azerconnect Group-un baş direktoru Emil Məsimov tədbirdə çıxışı zamanı tərəfdaşlığın tarixi məkanların rəqəmsal transformasiyası prosesində yeni imkanlar açacağını vurğulayıb: “İçərişəhər Azərbaycanın mədəni kimliyini yaşadan mühüm tarixi məkanlardan biridir. Azerconnect Group olaraq biz bu unikal mühitdə rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək ziyarətçi təcrübəsini daha da təkmilləşdirməyi, tarixi irsimizin qorunmasına töhfə verməyi hədəfləyirik. Təqdim edəcəyimiz süni intellekt əsaslı texnologiyalar, smart turizm həlləri İçərişəhəri yerli sakinlər və xarici qonaqlar üçün daha da innovativ məkana çevirəcək”.

 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək bu kimi əməkdaşlıqların tarixi irsimizə və müasir idarəetmə yanaşmalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “İçərişəhər tarixi irsin mühafizəsi sahəsində ənənəvi yanaşmaları müasir texnologiyalarla inteqrasiya edərək “Ağıllı Qoruq” modelini formalaşdırır. Rəqəmsal idarəetmə sistemləri, məlumat əsaslı qərarvermə və davamlı şəhər idarəçiliyi alətləri qoruğun daha səmərəli idarə olunmasına xidmət edir. Bu transformasiya tarixi-mədəni dəyərlərin qorunmasını təmin etməklə yanaşı, bütün maraqlı tərəflər üçün daha keyfiyyətli və innovativ mühit yaradır”.


Regionun aparıcı İKT şirkəti Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech, Media/TV sahəsində rəqəmsal xidmətlər təqdim edir. 6 milyona yaxın müştəriyə süni intellekt əsaslı həllər təqdim edən Azerconnect Group-a Bakcell, AzerTelecom, Citynet, UltraNet, Goldenpay, DataSphere, NewMedia kimi şirkətlər daxildir. 4000-dən çox mütəxəssisin çalışdığı Azerconnect Group Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən biridir. 


Azerconnect Group müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

Azərbaycanın aparıcı İKT şirkəti Azerconnect Group MDB regionunda ilk dəfə süni intellekt əsaslı yeni nəsil radio şəbəkələrinin inkişafı üzrə alyansa – AI RAN Alyansına qoşulub. NVIDIA, Nokia, Samsung və digər nəhəng şirkətlərin də üzv olduğu qlobal platforma mobil şəbəkə infrastrukturunun süni intellekt texnologiyaları əsasında təkmilləşdirərək daha ağıllı, çevik və səmərəli şəbəkə arxitekturalarının formalaşdırılmasını həyata keçirir.


Alyansa qoşulmaqla Azerconnect Group süni intellekt əsaslı mobil şəbəkə sahəsində qlobal və qabaqcıl texnologiyalara çıxış imkanlarını daha da genişləndirəcək. NVIDIA-nın GPU (Qrafik Prosessor Modulu) əsaslı radio emalı və süni intellekt dəstəkli RAN alqoritmləri kimi innovativ həllərin tətbiqi şəbəkə dayanıqlılığının və spektr səmərəliliyinin artırılmasına töhfə verəcək. Həmçinin GPU əsaslı radio şəbəkələr üzərində müxtəlif süni intellekt tətbiqlərinin rahat istifadəsini təmin edəcək. Eyni zamanda, ağıllı enerji optimallaşdırma həllərinin tətbiqi şəbəkə əməliyyatlarında daha yüksək səmərəliliyin təmin olunmasına və şirkətin dayanıqlılıq hədəflərinin dəstəklənməsinə xidmət edəcək. Azerconnect Group-un AI-RAN Alyansına üzvlüyü  6G texnologiyalarına hazırlıq strategiyasında mühüm mərhələnin başlanğıcıdır.


Qeyd edək ki, AI-RAN Alyansına üzvlük İKT sahəsində yerli mütəxəssislərin innovativ texnologiyalardan yararlanma imkanlarını daha da artıracaq. Platforma çərçivəsində Azerconnect Group əməkdaşları beynəlxalq ekspertlərdən ibarət işçi qrupları ilə birbaşa əməkdaşlıq edəcək, həmçinin müxtəlif texniki sessiya və təcrübə mübadiləsi platformalarında aktiv iştirak edəcəklər.


AI-RAN Alyansı haqqında


AI-RAN Alyansı telekommunikasiya sənayesində Radio Giriş Şəbəkələrinə (RAN) süni intellekt texnologiyalarının inteqrasiyasını sürətləndirmək məqsədilə yaradılmış qlobal əməkdaşlıq platformasıdır. 2024-cü ildə təsis olunan alyans telekommunikasiya ekosisteminin aparıcı iştirakçılarını bir araya gətirərək innovasiyaların təşviqinə, qabaqcıl təcrübələrin formalaşdırılmasına və RAN infrastrukturlarının məhsuldarlığını, əməliyyat səmərəliliyini və çevikliyini artıran yeni nəsil süni intellekt həllərinin inkişafına töhfə verir.


Azerconnect Group haqqında

 

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. Azerconnect Group müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Azerconnect Group və NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
Azerconnect Group və NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Azərbaycanın İKT şirkəti Azerconnect Group və ABŞ-nin texnologiya şirkəti NVIDIA arasında GeForce NOW tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilə Azerconnect Group-un baş direktoru Emil Məsimov və NVIDIA-nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-nin San-Xose şəhərində keçirilən görüşdə imzalanıb.


“NVIDIA ilə tərəfdaşlıq çərçivəsində GeForce NOW platformasını Azərbaycana gətirməkdən məmnunuq. Bu addım Azerconnect Group-un ağıllı rəqəmsal xidmətlər portfelini genişləndirmək öhdəliyinə sadiqliyini göstərir”, - deyə Azerconnect Group-un baş direktoru Emil Məsimov bildirib.


NVIDIA-nın bulud üzərindən oyun texnologiyası olan GeForce NOW güclü RTX qrafik prosessorları vasitəsilə müxtəlif cihazlarda 120 FPS ( saniyədə 120 kadradək) və 4K keyfiyyətində oyun təcrübəsi təqdim edir. Xidmət hazırda 2,000-dən çox oyunu dəstəkləyir  və bir platformada Game Pass oyunları da daxil olmaqla Epic Games, Steam, Ubisoft və Xbox kimi oyun kitabxanalarına qoşulma imkanı verir. GeForce NOW xidməti sayəsində Azərbaycanda minimal gecikmə ilə bulud oyun təcrübəsi təqdim ediləcək və bu da oyunçulara ən son oyunları texniki göstəriciləri yüksək olmayan cihazlarda belə oynamağa imkan verəcək. 


“Azerconnect Group-un GeForce NOW tərəfdaşlığı vasitəsilə Azərbaycanda bulud üzərindən oyun xidmətlərinə çıxışın genişləndirilməsinə dair addımların yüksək dəyərləndiririk. Tərəfdaşlıq nəticəsində Azerconnect Group NVIDIA RTX texnologiyası ilə dəstəklənən son nəsil oyun təcrübəsini daha geniş auditoriyaya təqdim edəcək”, - deyə NVIDIA-nın telekommunikasiya sahəsində biznesin inkişafı üzrə qlobal vitse-prezidenti Kris Penrouz qeyd edib. 


ABŞ-yə səfər çərçivəsində Azerconnect Group-un baş direktoru Emil Məsimov və şirkət nümayəndələri, həmçinin Kris Penrouzun rəhbərlik etdiyi NVIDIA komandası ilə görüş keçirib. Görüşdə ağıllı şəbəkə, süni intellekt fabriki və süni intellekt əsaslı 6G infrastrukturu sahələrində imkanların gücləndirilməsi müzakirə edilib, Azərbaycanın texnoloji inkişafının növbəti mərhələsi üçün əməkdaşlıq sahələri nəzərdən keçirilib.
 

“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

“Azerconnect Group”un baş direktoru Emil Məsimov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla görüşüb.


Emil Məsimov qalibi müsabiqədə əldə etdiyi önəmli nailiyyət münasibətilə təbrik edib, “Yüksəliş” müsabiqəsinin ölkəmizdə kadr potensialının gücləndirilməsi, istedadların üzə çıxarılmasında rolunu vurğulayıb. Görüş zamanı baş direktor mentinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə biznes və idarəetmə sahələrində təcrübəsini bölüşüb. Eyni zamanda, qaliblə karyera planlaması, gələcək inkişaf prioritetləri, eləcə də idarəetmə və liderlik bacarıqlarının daha da təkmilləşdirilməsi mövzularında müzakirələr aparılıb. 


“Yüksəliş” müsabiqəsi haqqında


“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

 

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.


“Azerconnect Group” haqqında


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

azerconnect logo